İQTİSADİYYAT
ABŞ səfirliyi: Pandemiyanın təsirlərinə baxmayaraq Azərbaycan və ABŞ arasında iqtisadi artımı yüksək qiymətləndirirəm
Bakı, 11 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Mərkəzin Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova Mərkəzin fəaliyyəti və rəqəmsal platforma layihələri, həyata keçirilən iqtisadi islahatlar, əldə edilmiş iqtisadi nailiyyətlər, biznes mühiti, işğaldan azad edilmiş ərazilərin bərpasına xarici investisiyaların cəlb edilməsi barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, növbəti illər üzrə müəyyən olunmuş prioritet sahələr, inkişaf hədəfləri, iqtisadi diversifikasiya və inklüziv artım məqsədləri, regional tranzitin inkişafı və potensial investisiya sahələri barədə məlumatları qonaqların diqqətinə çatdırıb.
ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə nümayəndəsi Dryu Lebkueker iki ölkə arasında diplomatik münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə daim inkişafda olduğunu və pandemiyanın təsirlərinə baxmayaraq əldə edilmiş iqtisadi artımı yüksək qiymətləndirdiyini vurğulayıb. O, iqtisadi və ticarət əlaqələrin artırılması məqsədilə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və ABŞ-ın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulmasına səfirlik tərəfindən lazım olan dəstəyin verilməsinə hazır olduqlarını əlavə edib.
Görüşdə İİTKM-in Strateji planlama departamentinin rəhbəri Ayaz Müseyibov və səfirliyin iqtisadi müşaviri Yusif Abasovun iştirakı ilə ölkədə maliyyə sektoru, xarici ticarət, rəqabət siyasəti və regionların inkişafına xarici birbaşa investisiyaların cəlbi sahəsində ölkənin inkişaf prioritetləri üzrə fikir mübadiləsi aparılıb.