İQTİSADİYYAT
ABŞ TİCARƏT VƏ İNKİŞAF AGENTLİYİ VƏ DÖVLƏT NEFT FONDU ARASINDA QRANT SAZİŞİ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 7-də Bakıda keçirilən ABŞ-Azərbaycan birgə İqtisadi Tərəfdaşlıq Komissiyasının birinci iclasında ABŞ Ticarət və İnkişaf Agentliyi (TİA) ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) arasında ARDNF-ə 855 075 ABŞ dolları məbləğində texniki yardım ayrılması barədə qrant sazişi imzalanmışdır. “Dövlət Neft Fondunun İnstitusional İnkişafı Layihəsi üzrə 2-ci fazanın texniki yardımı üçün mallar və xidmətlərin dəyərinin maliyyələşdirilməsinə dair Qrant Sazişi”ni ARDNF-in icraçı direktoru Şahmar Mövsümov və TİA-nın Avropa ölkələri üzrə direktoru Daniel Stayn imzalamışlar.
Layihənin Overture Financial Services şirkəti tərəfindən həyata keçiriləcək ikinci mərhələsində mühasibatlıq sisteminin təkmilləşdirilməsini, investisiya portfelinin idarə olunmasını, gəlirliliyinin və risklərin qiymətləndirilməsi sistemlərinin qurulmasını həyata keçirən şirkətin/sistemin seçilməsi üçün Neft Fonduna məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Fondun institusional quruculuğunun təkmilləşdirilməsi məqsədi ilə 2004-cü il mayın 19-da imzalanmış sazişə uyğun olaraq Overture Financial Services şirkəti tərəfindən həyata keçirilən layihənin 1-ci mərhələsi 2006-cı ilin avqust ayında başa çatmışdır.