ELM VƏ TƏHSİL
“Abşeron. Bolqar rəssamların gözü ilə” adlı interaktiv layihə başa çatıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Xalq rəssamı Arif Əzizin təşəbbüsü, UNESKO yanında Dünya Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Abşeron. Bolqar rəssamların gözü ilə” adlı interaktiv layihə başa çatıb.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, layihənin nəticələri “Arif Aziz Art House” sənət evində yekun sərgidə nümayiş olunub. Tədbirdə Panevlər nəslini təqdim edən dörd rəssamın – Beynəlxalq İnnovasiyalar Cəmiyyətinin fəxri üzvü, UNESKO yanında Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, çoxsaylı beynəlxalq sərgi və festivalların iştirakçısı və qalibi Xristo Panev, 2019-cu ildə Dünya Rəssamlıq Akademiyası tərəfindən “İlin rəssamı” seçilmiş İvaneçka Paneva, uzun müddət Avropanın və ABŞ-ın fərqli bədii emalatxanalarında təcrübə alan, bir sıra beynəlxalq sərgi və festivalların iştirakçısı və təşəbbüskarı Qabriel Panev, abstrakt sənət və kollajlara üstünlük verən, rəssam və kurator kimi fəaliyyət göstərən, 2013-cü ildə İstanbul Qadın Sənət Festivalının qalibi olmuş rəssam Petya Panevanın işləri nümayiş olunub.
Xatırladaq ki, sentyabrın 23-dan həyata keçirilən layihə çərçivəsində Bolqarıstanın məşhur rəssamlar nəsli Panevlər özünəməxsus bədii tərzdə Abşeron və Xəzər mənzərələrini yaradıblar. Habelə Rəssamlıq fakültəsinin tələbələri üçün Xristo Panevin ustad dərsi keçirilib.
Layihənin rəhbəri, Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova tədbiri açaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Abşeron. Bolqar rəssamların gözü ilə” adlı interaktiv layihə haqqında məlumat verib.
Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev çıxış edərək festivalın Azərbaycan-Bolqarıstan mədəni əlaqələrinin inkişafında rolunu vurğulayıblar.
Xristo Panev məşhur əsərini Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə edib. Tədbirdə Xalq rəssamı, ADMİU-nun professoru Arif Əzizə dünya incəsənətinin inkişafında xidmətlərinə görə UNKOPA-nın (Avropa Mədəniyyət Cəmiyyəti, İsveçrə) fəxri ordeni təqdim olunub.