İDMAN
Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam
Mingəçevir, 2 may, AZƏRTAC
"Azərbaycana qızıl medal qazandırdığım üçün xoşbəxtəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2024" reqatasında qızıl medal qazanan Azərbaycan avarçəkəni Əlimurad Hacızadə deyib.
Birnəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib: "Hava küləkli olsa da, mübarizəmi davam etdirdim. Bundan əvvəl Türkiyədə keçirilən "Bahar Kuboku"nda üçüncü olmuşdum. Çalışırdım ki, bu yarışda birinci olum. Şükürlər olsun ki, bunu bacardım".
Gələcək hədəflərindən də söz açan avarçəkən növbəti yarışlarda da birinci olmaq üçün çalışacağını söyləyib.
Qeyd edək ki, beynəlxalq turnirə mayın 3-də yekun vurulacaq.