REGİONLAR
Acarıstandan gələn qonaqlarla görüş keçirilib
Naxçıvan, 20 iyul, AZƏRTAC
Gürcüstanın Acarıstan Muxtar Respublikasından bir qrup uşaq və onların valideynləri iyulun 5-dən xüsusi proqram çərçivəsində muxtar respublikadakı Duzdağ Fizioterapiya Mərkəzində müalicə alırlar. Acarıstanlı qonaqlar qısa zamanda müalicələri ilə bağlı yaxşı nəticələr əldə ediblər. İyulun 19-da Acarıstana yola salınan qonaqlarla səmimi görüş keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində yerləşən “Batumi” restoranında təşkil olunan görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq, qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb. Çay süfrəsi arxasında təşkil edilən görüşdə bildirilib ki, Naxçıvan və Acarıstan Muxtar respublikaları arasında əlaqələrin inkişaf perspektivlərinə uyğun olaraq, uşaqların müalicəsinə aid proqramların həyata keçirilməsi, həmçinin müxtəlif müalicə və reabilitasiya mərkəzləri arasındakı əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfər edən zaman muxtar respublikanın hökumət rəhbəri ilə görüşdə də hər iki ölkə arasındakı əməkdaşlığa uyğun olaraq 2012-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulduğu vurğulanıb. İki dost muxtar respublika arasındakı əlaqələrin hazırkı səviyyəsi onu deməyə əsas verir ki, qardaşlıq münasibətləri hər iki tərəfdən qarşılıqlı səylərlə daha da dərinləşib.
Seymur Talıbov muxtar respublikaya müalicə məqsədilə gələn qonaqların cəlb olunduqları müalicədən sonra səhhətlərində baş verən irəliləyişlərlə də maraqlanıb.
Görüş zamanı valideynlər Nargis Jordaniya və Veriko Takidze onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edib, hər iki muxtar respublika arasındakı dostluq münasibətlərindən danışıblar.
Sonra acarıstanlı uşaqlara və onların valideynlərinə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, qonaqlar Acarıstan Muxtar Respublikasına yola salınıblar.