İQTİSADİYYAT
“AccessBank” kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb
“Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə “AccessBank” arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən bankın mərkəzi ofisində və filiallarında kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətinin tətbiqinə başlanılır.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, xidmətdən istifadə etmək üçün vətəndaş “E-hökumət” portalında autentifikasiyadan keçməlidir. Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompyuter vasitəsilə də göndərə bilər.
“Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti əhalinin marağına səbəb olub. Bu ilin iyun ayından istifadəyə verilən bu xidmətə ilk olaraq “Bank of Baku”, sonra isə “Unibank” qoşulub.
Gələcəkdə digər bankların da elektron arayışın verilməsi xidmətindən istifadəsi gözlənilir.