QAN YADDAŞI
ADA Universitetində “Atəşkəs” sənədli filmi nümayiş etdirilib
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində ADA Universitetində “Atəşkəs” sənədli filmi nümayiş etdirilib.
Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) AZƏRTAC-a bildiriblər ki, filmi ADA Universitetinin rektoru professor Hafiz Paşayev, ali təhsil ocağının müəllimləri, yerli və xarici tələbələri izləyiblər.
“Atəşkəs” sənədli filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən birgə istehsal olunub.
Filmin nümayişindən əvvəl Xocalı soyqırımının qurbanları və Qarabağ müharibəsində şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən BAMF-ın sədri Umud Mirzəyev bildirib ki, sənədli film macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Filmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi tarixi-mədəni irsi, ənənələri öz əksini tapıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, Qarabağ müharibəsinin acı nəticələri, Xocalı faciəsi filmin əsas qayəsini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikalı ekspertlərin münaqişənin həlli ilə bağlı fikirləri, münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb. Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından köçkün düşmüş insanların acı həyatı öz əksini tapıb. Ekran əsərində işğaldan əvvəl Dağlıq Qarabağda yaşamış azərbaycanlıların həyat tərzi, Şuşada keçirilən toy mərasimindən ilk dəfə olaraq unikal kadrlar da istifadə olunub. Direktoru Qabor Szabo, rejissoru Erik Boqnar olan film Macar Turan Fondunun sədri Andras Bironun ssenarisi əsasında çəkilib. Film üçün şahidlərdən müsahibələrin alınması, tarixi və mədəni ərazilərimizin görüntülərinin çəkilməsi, arxiv materiallarının toplanması, cəbhə xəttində təhlükəli sayıla biləcək çəkilişlərin aparılması bilavasitə Beynəlxalq Avrasiya Mətbuat Fondu və onun əməkdaşlarının birbaşa iştirakı və dəstəyi ilə baş tutub. Filmin əsas məqsədi erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdiyi amansız cinayətlərin Macarıstanın timsalında bütün Avropa ölkələrinə düzgün formada çatdırılması, Azərbaycanın bu məsələdə haqlı mövqeyinin dünya ölkələrində təbliğidir.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə filmin ərsəyə gəlməsində mühüm rolu olan BAMF-ın kollektivinə təşəkkürünü bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin avropalı tamaşaçıya çatdırılmasında bu filmin vacib rol oynadığını vurğulayıb.