ELM VƏ TƏHSİL
ADİU-nun müəllimi amerikalı tələbələrə mühazirə oxuyub
Bakı, 10 fevral, AZƏRTAC
ABŞ-ın maliyyələşdirdiyi “Fulbright Visiting Scholar” proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Amerikanın Qərbi Texas Universitetində mühazirə oxuyub.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, “Beynəlxalq ticarətin spesifik istehsal amilləri və gəlirlərin paylaşması” mövzusunda mühazirədə üçüncü kurs tələbələri iştirak ediblər.
Proqram müddətində gələcəkdə ADİU-da tətbiq etmək məqsədi ilə ABŞ ali məktəblərində istifadə olunan tədris və elmi tədqiqat işlərinin, yeni metodikaların öyrənilməsi nəzərdə tutulub.
“Fulbright Visiting Scholar” proqramının qalibi olan M.İbrahimov Fulbright təqaüdçüsü kimi Amerikanın nüfuzlu universitetlərində bir semestr ərzində tədris və elmi tədqiqat işlərində iştirak hüququ qazanıb.