ELM VƏ TƏHSİL
ADNSU ilə Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
ADNSU prorektorlarının və qeyd edilən səfirliyin nümayəndələrinin də iştirak etdiyi görüşdə Azərbaycan-Gürcüstan arasındakı tarixi köklərə əsaslanan əlaqələrdən, o cümlədən təhsil sahəsində mövcud əməkdaşlıqdan bəhs olunub.
Rektor M.Babanlı ADNSU-da təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb, bu ali məktəbdə 63 nəfər gürcüstanlı tələbənin təhsil aldığını bildirib.
Səfir Zurab Pataradze ADNSU (Azİİ), onun yetişdirdiyi və müxtəlif ölkələrdə çalışan ixtisaslı mühəndislər haqqında məlumatlı olduğunu qeyd edib. Azərbaycan-Gürcüstan arasındakı dostluq münasibətlərinin sarsılmaz olduğunu deyən səfir ölkələrimizin əməkdaşlığının inkişaf etdiyini söyləyib. Z.Pataradze iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı silsilə tədbirlər keçiriləcəyini və təhsil istiqamətində tərəfdaş təhsil müəssisəsi kimi ADNSU-nun olacağını bildirib. O, ADNSU-da Gürcüstan Mədəniyyət Mərkəzinin yaradılmasını, həmçinin Azərbaycanla bağlı eyni məzmunlu mərkəzin Gürcüstanın istənilən ən yaxşı ali təhsil müəssisəsində yaradılmasını təklif edib.
Sonda əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.