ELM VƏ TƏHSİL
ADU-da “dəyirmi masa” Cümhuriyyətin sosial-siyasi və mədəni həyatına həsr edilib
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Xalq Cümhuriyyətinin sosial-siyasi və mədəni həyatı” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, fəlsəfə və ictimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdıyeva Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid bir çox islahatlar həyata keçirildiyini söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, ADU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, akademik Möhsün Nağısoylu deyib: “Cümhuriyyət qurucularının sosial-iqtisadi baxışlarında elə bir demokratik cəmiyyətin qurulması nəzərdə tutulurdu ki, orada vətəndaşlar arasında siyasi bərabərliyin bərqərar edilməsi ilə yanaşı, sosial ədalətsizlik də aradan götürülsün”.
Sonra universitetin fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi Tural Cəfərov, qafqazşünaslıq kafedrasının dosenti Şəlalə Bağırova, fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Günel Qarayeva Cümhuriyyətin ictimai-siyasi həyatın digər sahələrində olduğu kimi, müstəqil milli iqtisadiyyat quruculuğu və sosial sahədə də mühüm tədbirlər həyata keçirdiyini vurğulayıblar.
Sonda tələbələrin sualları cavablandırılıb.