İDMAN
AFFA ilə “Auto Azərbaycan” arasında mövcud olan əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur
Bakı, 24 aprel (AZƏRTAC). AFFA və “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru “Auto Azərbaycan” arasında imzalanmış 3 illik tərəfdaşlıq müqaviləsinə əsasən aprelin 24-də AFFA-nın inzibati binasının qarşısında “Hyundai” avtomobillərinin assosiasiyaya təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, “Auto Azərbaycan” şirkətinin idarə heyətinin üzvü Ziya Babayev və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts iştirak etmişlər.
Tərəfdaşlıq müqaviləsi qeyd olunmuş müddət ərzində AFFA-nın “Auto Azərbaycan” şirkəti tərəfindən təqdim olunmuş avtomobillərdən istifadəsi, eləcə də “Futbol dünyası” qəzetində və AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) “Auto Azərbaycan” internet səhifəsinə keçid, çap materiallarında reklam, meydançaətrafı reklam yeri və digər reklam xarakterli tədbirləri özündə ehtiva edir.
AFFA-nın baş katibi Elxan Məmmədov bildirmişdir ki, Azərbaycan futbolunun inkişafı, kütləviliyinin genişlənməsi nüfuzlu şirkətlərin futbola diqqət ayırmasına zəmin yaradır. Sevindirici haldır ki, AFFA ilə “Auto Azərbaycan” arasında 4 ildən artıq müddətdə mövcud olan əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Onu da qeyd etmək istərdim ki, dünyanın tanınmış brendlərindən olan “Hyundai” beynəlxalq səviyyədə təşkil olunan bir çox futbol yarışlarının rəsmi tərəfdaşlarından biridir. Ötən il Azərbaycanda keçirilmiş FIFA U-17 qadınlararası dünya çempionatı zamanı biz bir daha bunun şahidi olduq. AFFA ilə əməkdaşlıq etməklə “Auto Azərbaycan” da bu ənənənin davamçısı olduğunu, ölkəmizdə futbolun kütləviliyinə yardımçı olmaq istədiyini nümayiş etdirdi.
“Auto Azərbaycan” şirkətinin idarə heyətinin üzvü Ziya Babayev qeyd etmişdir ki, bütün dünyada futbola dəstək olan “Hyundai” brendi Azərbaycanda da ölkə futbolunun inkişafında iştirak etməkdədir və bu gün imzalanan bu tərəfdaşlıq müqaviləsinə görə çox məmnunuq.