İDMAN
Ağcabədi Olimpiya İdman Kompleksinin tikintisi davam edir
Ağcabədi, 25 avqust (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamına müvafiq olaraq Ağcabədi Olimpiya İdman Kompleksinin tikintisi davam edir.
AZƏRTAC xəbər verir ki, Ağcabədi şəhərində 5,09 hektar ərazidə inşa edilən kompleksin ümumi tikinti sahəsi 6796,8 kvadratmetrdir. Baş plana əsasən kompleksin birinci mərtəbəsində universal idman, üzgüçülük, güləş, boks və ağır atletika zalları, kafe-restoran, ikinci mərtəbədə universal idman, trenajor, üzgüçülük, stolüstü tennis zalları, mehmanxana kompleksi, inzibati idarə, üçüncü mərtəbədə universal idman və trenajor zalları, mehmanxana kompleksi olacaqdır.
İdman kompleksində A blokunun 1, 2 və 3-cü mərtəbələrində, B və D bloklarının isə 1-ci mərtəbəsində monolit-dəmir-beton işləri başa çatmışdır. Hazırda C blokunun 1-ci, D blokunun isə 2-ci mərtəbəsində monolit-dəmir-beton işləri davam edir.
Kompleksin ərazisində 1000 nəfər tamaşaçı yerlik tribunası olan futbol stadionu, voleybol meydançası, tennis kortu, avtomobil dayanacağı, olimpiya parkı, kompleksi istilik qazanxanası, transformator yarımstansiyası, içməli və yanğına qarşı su anbarları da inşa ediləcəkdir.
Olimpiya İdman Kompleksinin 2015-ci ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.