İQTİSADİYYAT
Ağcabədi və Zərdab rayonlarından Bakıya satış məqsədi ilə gətirilən ətlər zərərsizləşdirilib
Bakı, 22 aprel, AZƏRTAC
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədilə reyd keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Ağcabədi rayonunun Aşağı Avşar kəndindən Bakıya satış məqsədilə gətirilən, Şamxal Nəbiyevin idarə etdiyi “Daevo Neksia” markalı 99-AU-715 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilən (2 ədəd iribuynuzlu heyvan, 6 ədəd xırdabuynuzlu heyvan cəmdəkləri, daxili orqanlar) 500 kiloqram və Zərdab rayonunun Körpükənd kəndindən paytaxta satış məqsədilə gətirilən, Nadir Qasımovun idarə etdiyi “Ford Transit” markalı 90-LX-763 dövlət nömrə nişanlı yük avtomobilində aşkarlanan (4 ədəd iribuynuzlu heyvan cəmdəyi, daxili orqanlar, 5 ədəd baş-ayaq) 600 kiloqram miqdarında mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran, sağlamlığına və haradan alınmasına dair heç bir müşayiətedici sənədi olmayan heyvan ətlərindən götürülən nümunələrin Respublika Baytarlıq Laboratoriyasında müayinəsi başa çatıb.
Laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə görə, həm Ağcabədi rayonundan, həm də Zərdab rayonundan gətirilən ətlərdə bakterioloji çirklənmə aşkar olunub. Biokimyəvi müayinə zamanı isə ətlərin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Ağcabədi rayonunun Aşağı Avşar kəndindən “Daevo Neksia” markalı 99-AU-715 dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı şəhərinə satış üçün gətirilən ətlərin öldükdən sonra kəsilmiş iribuynuzlu heyvana məxsus olması aşkar olunub.
Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq həm Ağcabədi, həm də Zərdab rayonlarından gətirilən mənşəyi məlum olmayan, keyfiyyətsiz, baytarlıq-sanitariya cəhətdən yararsız, öldükdən sonra kəsilmiş heyvan ətləri Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək.