REGİONLAR
Ağcabədidə 90 min tona yaxın taxıl istehsalı gözlənilir
Ağcabədi, 7 iyun, AZƏRTAC
Ağcabədi rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Taxıl biçininə 70-dən çox kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb olunub. Kombaynların kəndlər üzrə bölgüsü aparılıb. Biçin əkin sahələri nəzərə alınmaqla, növbəlilik əsasında həyata keçirilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, qısa müddətdə 1220 hektar arpa zəmisi biçilib, 3623 ton məhsul tədarük olunub. Hər hektardan məhsuldarlıq orta hesabla 29,7 sentnerdir.
Hazırda rayonda arpa biçini uğurla davam edir. Yaxın günlərdə buğda zəmilərində də biçinə başlanılacaq. Mütəxəssislər bu il rayonda 90 min tonadək taxıl istehsal olunacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, ötən ilin payızında rayonda cari ilin məhsulu üçün 24 min 841 hektar sahədə taxıl əkilib. Əkin sahələri əvvəlki illə müqayisədə 2 min 186 hektar çoxdur. Taxıl əkinlərinin 20 min 513 hektarı buğda, 4328 hektarı arpa sahələridir.