Ağcabədidə anma mərasimi keçirilmişdir
Ağcabədi, 25 fevral (AZƏRTAC). Respublikanın hər yerində olduğu kimi, Ağcabədidə də Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, minlərlə ağcabədili Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər düzmüş, ruhuna dualar oxunmuşdur.
Tədbir Qarabağ Muğam Mərkəzində davam etdirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının Xocalıda dinc sakinləri, körpələri, qadınları, qocaları vəhşicəsinə qətlə yetirməsi, bu müdhiş hadisənin səbəb və nəticələri barəsində ətraflı danışmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Faciənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində böyük işlər həyata keçirilir.
Mərasimdə əminliklə vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə qüdrətlənən Azərbaycanın haqq işi qalib gələcək, torpaqlarımız erməni işğalından azad ediləcək, Xocalı soyqırımının təşkilatçıları və onu törədənlər öz layiqli cəzalarını alacaqlar.
Tədbir mədəniyyət və turizm şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.