REGİONLAR
Ağcabədidə çörək və un məmulatları zavodunun inşası başa çatmaq üzrədir
Ağcabədi, 1 fevral, AZƏRTAC
Ağcabədi Rayon İcra Hakimiyyətinin Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra nümayəndəsi Aqil Əliyevin hesabat məruzəsində Ağcabədi şəhərində tikinti-abadlıq, quruculuq işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Ağcabədi şəhərinin ərazisi 1546 hektar, əhalisi 44 min 273 nəfərdir. Hesabat ilində Ağcabədi şəhərində Bayraq muzeyi, 4 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik bina, ikimərtəbəli otel kompleksi və Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər idarəsinin Ağcabədi Vergi Xidməti Mərkəzinin inzibati binası inşa edilib. Tarix-Diyarşünaslıq Muzeyi, 6 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunub. Hazırda sutkalıq istehsal gücü 10 ton olan çörək və un məmulatları zavodunun inşasında son tamamlanma işləri aparılır, Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
Qeyd olunub ki, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik hesabat ilində 7 uşaq bağçasının, Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin və yaşıllaşdırma sahəsinin maliyyə təsərrüfat fəaliyyətini həyata keçirib. Bu dövrdə infrastrukturun yaxşılaşdırılması, əhalinin problemlərinin həlli, təbii qaz və içməli su ilə təminatı istiqamətində xeyli iş görülüb. Yaşayış binalarının həyətlərində əsaslı təmir işləri aparılıb, küçə və prospektlərə asfalt-beton örtüyü salınıb, 10500 ədəd müxtəlif dekorativ ağac və gül kolları əkilib.
Yığıncaqda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident İlham Əliyev tərəfindən bölgələrə göstərilən diqqət və qayğıdan, rayonun sosial-iqtisadi inkişafından danışıb, tövsiyələrini verib.
Məruzə və çıxışlarda problemlərə də toxunulub, onların aradan qaldırılması yolları göstərilib, qarşıda duran vəzifələrdən bəhs edilib.