ELM VƏ TƏHSİL
Ağcabədidə “Hər kəs təhsildə” mövzusunda tədbir keçirilmişdir
Ağcabədi, 7 sentyabr (AZƏRTAC). Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyində Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı və “Bakcell” şirkətinin dəstəyi ilə 8 sentyabr - Beynəlxalq Savadlılıq Günü və yeni dərs ilinin başlanmasına həsr olunmuş “Hər kəs təhsildə” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Beynəlxalq Savadlılıq Gününün mahiyyəti, BMT-nin təhsil sahəsində gördüyü işlər, Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışılmışdır.
Bildirilmişdir ki, 8 sentyabr - Beynəlxalq Savadlılıq Günü UNESCO tərəfindən 1965-ci ildə elan olunmuşdur. Bu əlamətdar günün qeyd olunmasının məqsədi diqqəti savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına cəlb etməkdir. UNESCO, həmçinin beynəlxalq ictimaiyyətə savad almağın insan hüquqlarından biri olduğunu xatırladır və bütün elmlərin əsası olduğunu vurğulayır.
Tədbirdə məcburi köçkün ailəsindən olan və bu il birinci sinfə qədəm qoyacaq şagirdlərə “Bakcell” şirkəti tərəfindən məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə edilmişdir.
Tədbir çərçivəsində Ağcabədi rayon gəncləri üçün BMT-nin Minilliyin İnkişaf Məqsədləri mövzusunda seminar keçirilmişdir.