MƏDƏNİYYƏT
Ağdamda “Durna” musiqili komediyası göstərilmişdir
Ağdam, 25 yanvar (AZƏRTAC). Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna” musiqili komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilmişdir.
AZƏRTAC xəbər verir ki, tamaşada rolları Əməkdar Artist Aidə Qasımova, Suliddin Quliyev, Cəfər Bayramov, Elşən Cavadov, Xəyalə Xudadatova, Afaq Əliyeva və başqaları oynamışlar.
Tamaşanın quruluşçu rejissoru Kənan Həsənov, musiqi tərtibatçısı Azər Şükürov, rəssamı Elman Balakişiyev, bədii rəhbəri Fəxrəddin Hacıbəylidir.
Tamaşa Ağdam teatrsevərləri tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
Sonra teatrın direktoru Fəxrəddin Hacıbəyli göstərilən qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlığını bildirmiş, teatrın fəaliyyətindən, qazandığı nailiyyətlərdən danışmışdır.
Bildirmişdir ki, 2011-ci ildə Quzanlı mədəniyyət evi əsaslı təmir olunaraq uzun müddət köçkün həyatı yaşayan Ağdam Dövlət Dram Teatrının istifadəsinə verilmişdir. Həmin vaxtdan indiyədək teatrda Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından bəhs edən “O kənd bizim kəndimizdir” tamaşa-kompozisiyası, M.F.Axundzadənin “Sərgüzəşti vəziri-xani Lənkəran”, İsi Məlikzadənin “Gəl qohum olaq”, M. Füzulinin “Yeddi cam”, Əli Əmirlinin “Onun iki qabırğası”, Ə.Haqverdiyevin “Ac həriflər” və başqa tamaşalar göstərilmişdir. Hazırda teatrda İ.Əfəndiyevin “Dəlilər və ağıllılar” pyesi əsasında hazırlanan tamaşanın məşqləri aparılır.