REGİONLAR
Ağdaş rayonunda gələn ilin məhsulu üçün arpa səpininə başlanılmışdır
Ağdaş, 8 oktyabr (AZƏRTAC). Ağdaş rayonunda taxıl səpini kampaniyasına başlanılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, kəndli fermerlər gələn ilin məhsulu üçün bu il 16 min 200 hektar sahədə taxıl əkməyi nəzərdə tutmuşlar. Bu məqsədlə indiyədək 11 min 250 hektar torpaq sahəsi şumlanmışdır. Bunun 3.200 hektarına arpa səpilmişdir. Torpaq mülkiyyətçiləri oktyabrın 20-dək arpa səpinini başa çatdırmağı, sonar isə buğda səpininə başlamağı planlaşdırmışlar.
Səpin kampaniyasının aqrotexniki müddətdə başa çatdırılması üçün torpaq mülkiyyətçiləri kifayət qədər texnika, toxum və mineral gübrə ilə təmin olunmuşdur. Sahələrə toxum bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparıldıqdan sonar səpilir.
Xatırladaq ki, torpaq mülkiyyətçiləri cari ildə 15 min 908 hektar sahədən 42 min 259 ton taxıl tədarük etmişlər. Hər hektardan məhsuldarlıq 26,6 sentner olmuşdur. Ötən illə müqayisədə rayonda taxıl istehsalı 3.303 ton artmışdır.