REGİONLAR
Ağdaşda 2027 kiloqram barama tədarük olunub
Ağdaş, 20 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə Ağdaş fermerləri də həvəslə qoşulublar. Şəxsi təsərrüfatlarında ipəkqurdu yetişdirən Ağdaş kümçüləri barama tədarükünü uğurla başa çatdırıblar. Kümçülərin yetişdirdikləri məhsul əvvəlcədən bağladıqları müqaviləyə əsasən “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən öz evlərində qəbul edilib.
Ağdaş Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a dən verilən məlumata görə, uzun illər fasilədən sonra 2016-cı ildə rayonun 25 yaşayış məntəqəsində baramaçılığın inkişafı üçün tədbirlər görülüb. Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş 475 qram ipəkqurdu toxumu Ağdaşa gətirilərək 34 kümçüyə paylanılıb. Kəndlilər keyfiyyətli məhsul yetişdirməyə nail olublar. Yetişdirilən barama hər kiloqramı 8 manat olmaqla, “Şəki İpək” ASC tərəfindən tədarük edilib. Kümçülər çəkdikləri zəhmətin müqabilində əldə etdikləri qazancdan razıdırlar.
Rayon kümçüləri 2027 kiloqram barama tədarük edərək “Şəki İpək” ASC-nin nümayəndəsinə təhvil veriblər. Kümçülər gələn il daha çox barama istehsal etmək üçün bu ilin payız aylarında boş torpaqlarda tut bağlarının genişləndirilməsi üçün tədbirlər görəcəklər.