REGİONLAR
Ağdaşda kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkası açılmışdır
Ağdaş, 28 dekabr (AZƏRTAC). Dekabrın 28-də Ağdaş şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası açılmışdır.
AZƏRTAC xəbər verir ki, bayram ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil edilən yarmarka 4 gün davam edəcəkdir.
Yarmarkaya ümumi çəkisi 10 ton olan ət, süd, süd məhsulları, bal, müxtəlif bayram çərəzləri və ərzaqları, mövsümə uyğun meyvə-tərəvəz məhsulları, taxıl, noxud və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Məhsullar ictimai və fərdi təsərrüfatlardan gətirilmişdir. Alıcılara təklif edilən məhsullar bazar qiymətlərindən 25-30 faiz aşağıdır. Yarmarkaya gələn insanlar məhsulların keyfiyyətindən və qiymətlərdən razılıq edirdilər. Yeni il ərəfəsində yarmarkada satışa çıxarılan məhsulların əksəriyyətini yerkökü, çuğundur, kələm, soğan, kartof, göyərti, alma, nar, heyva və digər meyvə-tərəvəzlər təşkil edir.
Rayon sakinləri yarmarkada təzə və keyfiyyətli məhsulların satışına görə, bəzi məhsulların bazardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına, fermerlərə və torpaq mülkiyyətçilərinə minnətdarlıqlarını bildirmişlər.