REGİONLAR
Ağdaşda qaçış marafonu keçirilib
Ağdaş, 31 yanvar, AZƏRTAC
Ağdaşda 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində gənclərin iştirakı ilə qaçış marafonu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Ağdaş Olimpiya İdman Kompleksində keçirilən qaçış marafonunda əvvəlcə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhid adını qazanan igid, qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışılıb. Vurğulanıb ki, bu qələbədə Ağdaşdan olan 33 gənc şəhidlik zirvəsinə ucalıb.
Sonra qaçış marafonuna start verilib. Marafonda iştirak edən gənclərə Gənclər Günü münasibətilə təşəkkürnamələr təqdim olunub.