MƏDƏNİYYƏT
Ağdaşda Xalq Yazıçısı Ənvər Məmmədxanlının anadan olmasının 100 illiyi qeyd edilmişdir
Ağdaş, 26 mart (AZƏRTAC). Ağdaş rayonunda Xalq Yazıçısı Ənvər Məmmədxanlının anadan olmasının 100 illik yubileyi qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, Ağdaş rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə çıxış edənlər yazıçının yaradıcılığından söhbət açmışlar.
Qeyd edilmişdir ki, Bakıda və Rusiyada təhsil alan Ənvər Məmmədxanlının yaradıcılığı bədii ədəbiyyatımızın zənginləşməsində böyük rol oynamışdır. Tədbirdə onun ana dilinə həssas yanaşması diqqətə çatdırılmış və “Bakı gecələri” povestinin müzakirəsi təşkil edilmiş, geniş fikir mübadiləsi aparılmışdır. “Bakı gecələri” əsərini ədəbiyyatımızda lirik üslubda yazılmış ən gözəl əsərlərdən biri adlandırılmışdır. Bildirilmişdir ki, əyalətdən paytaxta, böyük arzular və ümidlərlə getmiş gəncin duyğuları o qədər zərif, incə və axıcı bir dillə təsvir olunur ki, insan hekayəni oxuyanda reallığı unudur.
Tədbirdə, həmçinin "Şərqin səhəri", "Od içində" pyesləri və "Şirvan gözəli" lirik komediyasının müəllifi olan Ənvər Məmmədxanlının kitabları, onun haqqında yazılmış ədəbi materiallar nümayiş etdirilmişdir.