REGİONLAR
Ağdaşlı kümçülər 7 ton barama tədarük edəcəklərinə əmindirlər
Ağdaş, 22 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə Ağdaş fermerləri də həvəslə qoşulublar. Şəxsi təsərrüfatlarında ipəkqurdu yetişdirən Ağdaş kümçüləri bu günlərdə barama tədarükünə hazırlaşırlar.
Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il Qax Damazlıq Baramaçılıq Stansiyasından inkubasiya olunmuş 2280 qram ipəkqurdu toxumu 120 qutuda Ağdaşa gətirilərək 120 kümçüyə paylanılıb. Bu da əvvəlki ildəkindən 5 dəfə çoxdur. Rayon kümçüləri cari ildə 7 ton barama tədarük edəcəklərinə əmindirlər. Onlar yetişdirdikləri məhsulu əvvəlcədən bağladıqları müqaviləyə əsasən, “Şəki İpək” ASC-nin nümayəndələrinə təhvil verəcəklər.
Qeyd edək ki, uzun illər fasilədən sonra 2016-cı ildə Ağdaş rayonunun 25 yaşayış məntəqəsində baramaçılığın inkişafı üçün tədbirlər görülməyə başlanılıb. Yetişdirilən barama “Şəki İpək” ASC tərəfindən tədarük edilib. Rayon kümçüləri ötən il Qax Damazlıq Baramaçılıq Stansiyasından inkubasiya olunmuş 475 qram ipəkqurdu toxumu götürüblər və 2027 kiloqram barama tədarük edərək “Şəki İpək” ASC-yə təhvil veriblər. Çəkdikləri zəhmətin müqabilində əldə etdikləri qazancdan razı qalan Ağdaş kümçüləri daha çox barama istehsal etmək üçün ötən ilin payızında boş torpaqlarda yeni tut bağları salıblar.
Ötən il Ağdaşda Çindən gətirilən 30 min, rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən isə yerli sortdan olan 25 min ədəd tut tingi əkilib. Ümumilikdə, rayonda 40 hektar sahədə yeni tut bağı salınıb.