DÜNYA
Ağıllı dinozavrların yaşadığı planetlər mövcud ola bilər
Bakı, 18 aprel (AZƏRTAC). Kolumbiya Universitetinin professoru Ronald Breslou planetimizdən kənarda mümkün həyata yeni baxış formalaşdırır. Onun fikrincə, başqa planetlərdə insanların intellektinə və hiyləgərliyinə malik olan ağıllı “tirannozavrların” yaşaması istisna deyildir və yaxşısı budur ki, onlarla qarşılaşmayaq. Ronald Breslou həyatın başlıca sirrindən agah olmağa çalışır: nə üçün Yer kürəsində zülalları təşkil edən amin turşuları, şəkərlər, DNT və RNT genetik materialı yalnız bir istiqamətdə mövcuddur. İki mümkün istiqamət vardır: sol və sağ. Onlar bir-birini insan əlləri kimi əks etdirir. Bu hal “xirallıq” adı ilə tanınır. Həyatın yaranması üçün zülalların tərkibində yalnız bir amin turşusu növü olmalıdır: sol və ya sağ. Bir neçə bakteriya istisna olmaqla, Yerdəki canlı məxluqların amin turşularının sol istiqamətinə malikdir. Şəkərlərin əksəriyyəti sağ istiqamətə malikdir. Bu homoxirallıq nəyin sayəsində yaranmışdır?
Breslounun fikrincə, “Həyat toxumları” (amin turşuları) ulduzlu fəzada, ola bilsin, asteroidlərdə əmələ gəlir. Başlanğıcda sol və sağ amin turşuları bərabər miqdarda olmuşdur. Ulduz şüalarının təsiri altında amin turşuları formalarından birinin selektiv parçalanması baş verir. Məsələ bundadır ki, ulduzlar polyarlaşmış işıq saçır və polyarlaşmanın tipindən asılı olaraq ya sol, ya da sağ amin turşuları “salamat qalır”. Sonra amin turşulu meteoritlər planetə düşür və “sol” və “sağ” həyata başlanğıc verir.
Breslou hesab edir ki, təxminən 4 milyard il əvvəl naməlum meteorit Yer kürəsində həyata başlanğıc vermişdir: sol amin turşuları. Breslounun araşdırmaları həyatın inkişafı üçün kosmik amin turşularının nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Bu o deməkdir ki, kosmosda həyat Yerdəki formasından fərqli olaraq çox geniş yayıla bilər. İstisna deyildir ki, fərqli polyarlaşmaya malik olan uzaq naməlum ulduz sağ amin turşuları və sol şəkərlər əsasında insanlara oxşamayan tamamilə başqa məxluqlara həyat vermişdir.