ELM VƏ TƏHSİL
Ağır kənd təsərrüfatı texnikası öz yerini ekoloji cəhətdən təmiz və yüngül robotlara verəcəkdir
Bakı, 22 yanvar (AZƏRTAC). İki il əvvəl Kann şəhərində təqdimatı keçirilmiş elektrik mühərrikli su motosiklinin kütləvi istehsalına hazırlıq görülür. Onun baza versiyasının qiymətinin 7 min avroya yaxın olacağı gözlənilir. Mühərrikinin qüvvəsinin 3 kilovat olması su motosiklinə yüksək sürətlə hərəkət etmək imkanı yaradır.
Dünyanın digər ucunda - Avstraliyada isə robot sənayesi durmadan inkişaf edir. Bu ölkədə robotlardan istifadə nəinki sənayedə, eləcə də kənd təsərrüfatında adi hal almışdır. Kvinslend Texnoloji Universitetinin əməkdaşları tərəfindən hazırlanan “Eqbot” adlı robot qarğıdalı sahələrində alaq otlarının və ziyanverici həşəratların təmizlənməsində istifadə olunur və avtonom rejimdə 2 min hektar ərazini təmizləyə bilir.
Kənd təsərrüfatı texnikasının həddindən artıq çoxalmasının ekologiyanın korlanmasına gətirib çıxardığını qeyd edən layihənin rəhbəri Devid Boll bunun qarşısını almaq üçün alternativ həll yolunun tapıldığını, avstraliyalı fermerlərə yığcam və çox yüngül qurğu təqdim edildiyini deyir.
Naviqasiya və bort kompyuteri ilə təchiz olunmuş bu qurğu ağır texnikanın gördüyü bütün işlərin öhdəsindən gəlməyə qadirdir. Mütəxəssislər “Eqbot”un qiymətinin münasib olacağını və on ədəd belə robotun avstraliyalı orta fermerin əkin sahəsinin bütün işini görməyə kifayət edəcəyini bildirirlər.
Fermer Endryu Beytin fikrincə, sahələrin gübrələnməsinin dəqiq vaxtı və dozası, bitkilərin suvarılması və bu kimi digər işlərin qısa müddətdə və mükəmməl surətdə görülməsi üçün “Eqbot” bütün lazımi funksiyalara malikdir. Bundan başqa, robot gübrə dozasını dəqiq şəkildə müəyyən edir və heç bir səhvə yol vermir.
Kvinslend Universitetinin tədqiqatçıları əmindirlər ki, yaxın onillikdə ağır kənd təsərrüfatı texnikası öz yerini ekoloji cəhətdən təmiz, yüngül və istifadəsi rahat olan “Eqbot” kimi robotlara verəcəkdir.