ELM VƏ TƏHSİL
Ağstafa rayonunda daha bir məktəb binası istifadəyə verilmişdir
Ağstafa, 12 sentyabr (AZƏRTAC). Ağstafa rayonunda Dövlət Proqramı çərçivəsində inşa olunan 220 yerlik Soyuqbulaq qəsəbə tam orta məktəbi binasının açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizdə, o cümlədən Ağstafa rayonunda görülmüş işlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən aparılan təhsil islahatları uğurla davam etdirilir. Ağstafa rayonunda da bu sahəyə geniş diqqət yetirilmiş, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı təmiri və yeni məktəb binalarının tikintisi istiqamətində işlər sürətlə davam etdirilir. Bu gün Soyuqbulaq qəsəbə tam orta məktəbinin binası istifadəyə verilir. 15 sentyabr - “Bilik günü”nədək isə daha iki bina, Köçəskər 1 nömrəli və Göycəli kənd tam orta məktəblərinin binaları istifadəyə veriləcəkdir. Yaxın günlərdə Kolxəlfəli və Eynallı kənd tam orta məktəblərinin yeni binalarının tikintisinə başlanılacaqdır.
Mərasimdə məktəbin direktoru Rasim Osmanov, valideynlər və başqaları qeyd etmişlər ki, həyata keçirilən bütün bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin təhsilimizə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Çıxış edənlər Soyuqbulaq qəsəbə tam orta məktəbi binasının yüksək keyfiyyətlə tikilərək istifadəyə verildiyinə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmişlər.