SİYASƏT
Ağstafalılar həmrəylik gününü ümumxalq bayramı kimi qeyd etmişlər
Ağstafa, 28 dekabr (AZƏRTAC). Ağstafada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivlərinin, təhsil və səhiyyə işçilərinin, gənclərin iştirak etdikləri tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ulu öndər Heydər Əliyevin azərbaycanlıların həmrəyliyinin təmin edilməsindəki xidmətlərindən danışmışdır.
Bildirilmişdir ki, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının birinci qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımız və həmvətənlərimiz öz milli dövləti ətrafında sıx birləşmişlər. Bu sahədə aparılan müdrik siyasətin hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Rayon mədəniyyət evinin, musiqi məktəbinin kollektivləri, Şaxta baba və Qar qız tədbir iştirakçılarına xoş ovqat bəxş etmişlər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə idarə və təşkilatlarda, məktəblərdə də silsilə tədbirlər keçirilmişdir.