REGİONLAR
Ağsu Rayon Mərkəzi Kitabxanasında soyqırımı gününə həsr edilən “dəyirmi masa”
Ağsu, 29 mart, AZƏRTAC
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsil mənasında, “qan çanağı”na çeviriblər. Ermənilərin “Böyük Ermənistan” xülyasının gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının həyata keçirilməsi ilə nəticələnib.
AZƏRTAC xəbər verir ki, bu fikir Ağsu Rayon Mərkəzi Kitabxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “dəyirmi masa”da səsləndirilib.
“Dəyirmi masa”da çıxış edən mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov, şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Reyhanə Məmmədova, fəal oxucu Polad Cavadov və başqaları konkret faktlara istinad edərək, erməni daşnaklarının planlı surətdə törətdikləri qətliamlardan danışıblar. Qeyd olunub ki, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu, “Xocalıya ədalət!” kampaniyası və sair bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Sonda tədbir iştirakçıları bu mövzuda hazırlanan kitab sərgisi ilə tanış olub, videoçarxa baxıblar.