DÜNYA
Aİ-nin yeni planı: iki il ərzində 34 min qaçqın
Avropa İttifaqı ölkələri yaxın iki il ərzində Afrika və Yaxın Şərq ölkələrindən 34 min qaçqın qəbul etmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos bəyan edib. Bununla belə, Avropa Komissiyasının daha əvvəl açıqlanmış ikiillik planına görə, Aİ-yə leqal şəkildə gəlmək icazəsi 50 min qaçqına verilə bilərdi. Beləliklə, Avropa İttifaqı çox vaxt miqrantların həyatını təhlükə altına qoyan qeyri-leqal bərəçilərə qarşı mübarizə aparır.
Miqrantları qəbul edən ölkələr hər bir qaçqının saxlanılmasına görə 10 min avro alacaq. Almaniyada hökumətin təşkil edilməsi haqqında danışıqların davam etməsi səbəbindən bu ölkə hələlik köçmə proqramına qoşulmağa razılıq verməyib.
Bundan əlavə, Aİ yerləşdirilmə üçün razılaşdırılmış kvotalara müvafiq İtaliyadan və Yunanıstandan qaçqınlar qəbul etməkdən imtina edəcəkləri təqdirdə mümkün nəticələr barədə Polşa, Macarıstan və Çexiyaya xəbərdarlıq edib. D.Avramopulos qeyd edib ki, hazırda söhbət İtaliyada 3,1 min və Yunanıstanda 750 qaçqından gedir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Bberlin