DÜNYA
Aİ-nin zirvə görüşü Avropanın müdafiə siyasətini müzakirə edəcəkdir
Bakı, 19 dekabr (AZƏRTAC). Avropa İttifaqının üzvü olan 28 ölkənin dövlət və hökumət başçılarının 2013-cü ildə yekun zirvə görüşü son beş ildə ən geniş əhatəli görüş olacaqdır. Görüşün palitrası Avropanın ümumi müdafiə və təhlükəsizlik siyasəti barədə diskussiyanı, Avropa iqtisadiyyatının bərpası və Avropa Bank İttifaqının yaradılması planlarının müzakirəsini, habelə “Şərq Tərəfdaşlığı” proqramının problemlərinə dair fikir mübadiləsini əhatə edir.
Avropa liderləri əvvəlcə müdafiə məsələlərini müzakirə edəcəklər. NATO-nun baş katibi Anders Foq Rasmussen zirvə görüşünün ilk gününün işgüzar şam yeməyinə dəvət olunmuşdur. O, Aİ ilə NATO-nun qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə və Avropa ölkələrinin hərbi imkanlarının genişləndirilməsinin təmin olunmasına öz baxışlarını şərh edəcəkdir.
Digər mövzularla bərabər, Avropa İttifaqı ölkələrinin hərbi xərclərinin azalmaqda davam etməsi və iqtisadi böhran şəraitində onlardan daha səmərəli istifadə olunması məsələləri də müzakirə ediləcəkdir.
Avropa Bank İttifaqının yaradılması problemi zirvə görüşünün iqtisadi blokunun başlıca mövzusu olmalıdır. Bu qurum vergi ödəyicilərinin vəsaitinə əl atmadan Avropa banklarının sabitliyini təmin etmək məqsədi ilə 2016-cı il üçün yaradılmalıdır.
Bank İttifaqı üç elementi ehtiva edəcəkdir: bank nəzarəti sistemi (onun funksiyalarını Avropa Mərkəzi Bankı yerinə yetirəcək); problemli bankların likvidliyi və restrukturlaşdırılması sistemi (ona Avropa Komissiyası nəzarət edəcəkdir); bankların öz ödəmələri əsasında yaradılan banklararası ehtiyatlar fondu (problemli maliyyə təşkilatlarının likvidliklə təmin olunması zərurəti yaranarsa, bu fondun vəsaitindən istifadə olunacaqdır).
Hazırda yaradılmaqda olan Avropa İttifaqı-2-nin bu ən vacib qurumu, yəni iqtisadi və maliyyə sahələrində ümumi çoxmillətli idarəçilik ilə birlikdə vahid Avropa layihəsi barədə Aİ ölkələri arasında danışıqların nə dərəcədə ləng getdiyini belə bir fakt təsdiq edir ki, əvvəlcə bank ittifaqını 2013-cü ilin əvvəlinə kimi işə salmaq nəzərdə tutulmuşdu.
İTAR-TASS agentliyinin yaydığı məlumata görə, Ukraynaya dair bəyannamə 6 əsas müddəadan ibarət olacaqdır.