İQTİSADİYYAT
Aİ STATİSTİKA XİDMƏTİ – AVROSTATIN EKSPERTLƏRİ KİV NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞLƏR
Bakı, 18 iyun (AZƏRTAC). İyunun 18-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində (DSK) Avropa İttifaqının (Aİ) statistika xidməti - Avrostatın ekspertləri KİV nümayəndələri ilə görüşmüşlər.
Görüşdə statistik məlumatların hazırlanması, yayılması, istifadəçilərə çatdırılması ilə əlaqədar DSK-nın KİV-lə əlaqələri, DSK-nın məlumatlarının peşəkarlığı, keyfiyyəti, müasir standartlara uyğunluğu və digər məsələlər geniş müzakirə olunmuş, suallar cavablandırılmışdır.
Avrostatın eksperti, norveçli Jan Byfuglien bildirmişdir ki, respublikamıza gəlməkdə məqsədləri Azərbaycanın rəsmi statistikasının Avropa standartlarına, tələblərinə və tövsiyələrinə uyğunluq dərəcələrini qiymətləndirmək, statistika sahəsində Azərbaycanın inzibati və texniki imkanlarını dəyərləndirmək, statistik məlumatların hazırlanması, yayılması, istifadəçilərə çatdırılması ilə əlaqədar KİV-lə əlaqələrin qurulmasının öyrənilməsi, təkmilləşməyə ehtiyacı olan statistika sahələri ilə bağlı tövsiyələrin verilməsidir.
Avstriyalı ekspert professor Peter Hackl vurğulamışdır ki, DSK-nın KİV-i məlumatlandırmasını qənaətbəxş hesab etmək olar. DSK-nın öz internet saytının daha da təkmilləşdirməsi üçün geniş imkanları vardır. Azərbaycanda bu sahənin daha da inkişafından ötrü müvafiq qurumlara öz tövsiyələrimizi verəcəyik.
KİV nümayəndələri DSK ilə əməkdaşlıqdan məmnunluqlarını bildirmişlər.