DÜNYA
Aktivləşdirmə zamanı yol verilən səhv üzündən Windows 8-dən pulsuz istifadə mümkündür
Bakı, 23 noyabr (AZƏRTAC). Windows 8-in aktivləşdirilməsi mexanizmi qüsurlu olduğu üçün əməliyyat sistemini pulsuz əldə etmək mümkündür. Bu barədə WindowsWave bloqu Reddit resursunun məlumatına istinadla xəbər verir.
“Piratlar” Windows 8 Pro-nun qeyri-leqal surətini şəbəkədən yükləyib, müvəqqəti açarla onu aktivləşdirərək yaranmış vəziyyətdən istifadə edə bilərlər. Açar məhdud zaman çərçivəsində (məsələn, 180 gün) işlədiyi üçün müvəqqəti adlanır.
Məlum olmuşdur ki, Windows Media Center (WMC) əlavəsini Microsoft saytından kompyuterə yükləyib quraşdırmaqla müvəqqəti aktivləşdirməni daimi aktivləşdirməyə çevirmək mümkündür. Əlavə 2013-cü ilin yanvar ayının sonunadək pulsuz yayılacaqdır. Əlavə ilə birlikdə açar da verilir ki, bu da təkcə WMC-ni deyil, həm də bütün sistemi qeyri-müəyyən vaxtadək aktivləşdirir.
Microsoft nümayəndələri hələlik vəziyyəti şərh etməmişlər.
Windows 8 oktyabrın 26-da çıxmışdır. İki müxtəlif interfeysdən ibarət əməliyyat sistemi həm ənənəvi kompyuterlərdə, həm də planşet kompyuterlərdə və sensor ekranlı digər qurğularda istifadə olunur.