CƏMİYYƏT
Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb
Bakı, 30 aprel, AZƏRTAC
Masallı rayonunun Ərkivan qəsəbəsində fəaliyyət göstərən “Qala” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının pozulduğu məlum olub.
Marketdə yararlılıq müddəti bitmiş, həmçinin mənşəyi məlum olmayan və etiket məlumatlarında uyğunsuzluqlar olan müxtəlif növ qida məhsullarının satışının həyata keçirildiyi aşkarlanıb. Eyni zamanda, işçi heyətin tibbi müayinədən keçmədiyi, gigiyenik təlimlərə cəlb olunmadığı və fərdi qoruyucu vasitələrlə təmin edilmədiyi müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində protokol tərtib edilib. Tibbi müayinədən keçməyən işçi heyəti ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair, eyni zamanda, istehlaka yararsız məhsulların satışının qarşısının alınması və məhv edilməsi ilə bağlı qərar qəbul olunub.