ELM VƏ TƏHSİL
Ali təhsildə qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına həsr olunmuş “dəyirmi masa” keçiriləcəkdir
Bakı, 16 sentyabr (AZƏRTAC). Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Ali təhsildə qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində hazırlanmış tövsiyə sənədinin müzakirəsi üzrə “dəyirmi masa” təşkil olunacaqdır.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, tövsiyə sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Təhsil Nazirliyinin Elmi-Koordinasiya Şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən hazırlanmışdır.
Sənəd ali təhsildə qrant maliyyələşdirməsi ilə əlaqədar ümumi məlumatı, Azərbaycanda ali təhsildə qrant maliyyələşdirilməsinin mövcud vəziyyətini, bu sahədə beynəlxalq təcrübəni, dünya təcrübəsində universitetlərin qrant mənbələrini və qrantları cəlbetmə yollarını, layihə çərçivəsində keçirilən müsahibəni və qrant maliyyələşdirməsi sahəsində tövsiyələri özündə ehtiva edir.
“Dəyirmi masa”nın məqsədi tövsiyə sənədinin müvafiq sahə üzrə mütəxəssislərlə müzakirəsinin təşkil olunmasıdır. Bu müzakirələrdən əldə olunan təkliflər sistemləşdirilərək yekun tövsiyə sənədi hazırlanacaq və müvafiq qurumlara təqdim olunacaqdır.