DÜNYA
Alimlər “cavanlıq iksiri”ni təkmilləşdirirlər
Bakı, 18 aprel (AZƏRTAC). ABŞ alimləri heyvanların ömrünü uzadan rapamisin deyilən preparatın şəkərli diabetin inkişafı riskini gücləndirməsi ilə barışmadıqları üçün araşdırmaları davam etdirmişlər. Bu yaxınlarda dərmanın orqanizmə ikili təsirinin təbiəti aşkar edilmişdir ki, bu da mütəxəssislərə kənar effektlərdən qurtulmaqda yardımçı ola bilər.
Rapamisin maddəsinə hələ ötən əsrin 70-ci illərində Pasxa adasının torpaq nümunələrində təsadüf edilmişdir. 2009-cu ildə Amerika alimləri eksperimentlər zamanı aşkar etmişlər ki, dərman siçanların ömrünü 15 faiz uzadır, amma qlükozada tolerantlığı pozur ki, bu da şəkərli diabetin əmələ gəlməsi riskini dəfələrlə artırır.
Hazırda rapamisindən yalnız transplantasiya əməliyyatları zamanı dərman kimi istifadə olunur, çünki o, immun sisteminin fəaliyyətini boğaraq, donor orqanların qopub ayrılmasının qarşısını alır.
Siçanlar üzərində eksperiment aparan Kembric Universitetinin Uaythed Tibbi-Bioloji Araşdırmalar İnstitutunun təbabət doktoru Devid Sabatini və onun həmkarları aşkar etmişlər ki, rapamisin MTORC1 və MTORC2 adlı iki mühüm zülala təsir göstərir. Preparatın MTORC1 zülalına təsiri ömrü uzadır, MTORC2 zülalına təsiri isə diabet əmələ gətirir.
Odur ki, D.Sabatini yalnız MTORC1 zülalına təsir göstərən rapamisin variantı üzərində işləyir. O demişdir: “Yalnız bir zülala təsir göstərən preparat işləyib hazırlamağa müvəffəq olsaq, arzuolunmaz kənar effektlərdən qurtulmuş olarıq”.