DÜNYA
Alimlər insanların nə zaman xroniki alkoqolikə çevrildiklərini aydınlaşdırmışlar
Bakı, 17 aprel (AZƏRTAC). İnsanın spirtli içkiləri yeniyetmə yaşında dadması onun xroniki alkoqolikə çevrilməsinə təhlükə yaradır. Alimlər minlərlə amerikalı yeniyetmə arasında sorğu apardıqdan sonra belə qənaətə gəlmişlər.
Yeni tədqiqat üzə çıxarmışdır ki, rəyi soruşulan hər beş gənc amerikalıdan dördü alkoqolun dadını bilir, onların 15 faizindən çoxu yetkinlik yaşına çatmamış içki içməyə başlamışdır.
Layihənin aparıcı müəllifi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin (Bordo) direktoru Coel Svendsen bildirmişdir ki, insanların əksəriyyətində xroniki alkoqolizm və narkotik asılılıq məhz yeniyetmə yaşında formalaşır.
Kolumbiya Universitetinin Alkoqol və Narkotik Asılılıq Milli Mərkəzinin vitse-prezidenti və araşdırmalar və təhlil siyasəti üzrə direktoru Syuzan Foster demişdir: “Bizi narahat edən məsələ budur ki, uşaqlar bu maddələrin dadını nə qədər tez bilsələr bir o qədər tez asılılığa düşürlər”.
S.Foster bildirmişdir ki, asılılıq yaradan psixoaktiv maddələrin qəbul edilməsi, xüsusən, gənclər üçün təhlükəlidir, çünki onların beyni hələlik formalaşma mərhələsindədir.
Araşdırma 13-18 yaşlı 10 mindən çox yeniyetmə arasında 2001-ci ildən 2004-cü ilin yanvarınadək aparılan sorğunun nəticələrinə əsaslanır. 13-14 yaşlı təxminən 3,7 min uşaqdan 10 faizi az-çox müntəzəm - ildə təqribən 12 doza içki qəbul etmişdir.
17-18 yaşlı 2,3 min gənc insan arasında “içkiyə qurşananların” sayı yarıyadək artmışdır. Svendsenun başçılıq etdiyi qrupun proqnozlarına görə, sonuncu yaş qrupundakı hər üç belə yeniyetmənin biri gələcəkdə alkoqol asılılığına düşə bilər. Xroniki alkoqolizmin inkişaf etdiyi orta yaş həddi isə 14 yaşdır.
Tədqiqat daha bir maraqlı cəhəti üzə çıxarmışdır: ağdərili yeniyetmələr alkoqol asılılığına daha meyillidirlər, halbuki onların afro-amerikalı və digər etnik qruplardan olan yaşıdları daha davamlıdırlar.