DÜNYA
Alimlər kosmosdan gələn səsləri tutmuşlar
Bakı, 18 fevral (AZƏRTAC). İlk dəfə sovet alimləri başqa planetlərdə küləyin səsini, göy gurultusunu qeydə almağa, ən başlıcası eşitməyə çalışmışlar. 30 il bundan əvvəl Dan ulduzu adlandırılan Veneraya “Venera-13” və “Venera-14” aparatları göndərilmişdir.
Közərmiş planetin temperaturu 400 dərəcədən yüksəkdir. Burada buludlar saniyədə 100 metr sürətlə hərəkət edir, turşu yağışları yağır, şimşək çaxır, göy guruldayır. Amma bütün bunlar yerdəki kimi səslənmir və buna səbəb atmosferin sıxlığıdır. Orada atmosferin sıxlığı planetimizdəkindən onlarca dəfə azdır.
O zaman atmosferdə və səthdə hərəkət zamanı səslər qeydə alınmışdır.
Bu gün astronomlar nəinki Kainata baxır, həm də onu dinləyirlər. Ətrafın vakuum olduğuna baxmayaraq, mütəxəssislər inandirirlar ki, hər planetin öz səsi var.
Başqa mənbələrdən kifayət qədər çox səs sintez edilmişdir. Məsələn, Yupiterin maqnit sahəsi güclü və dəyişkəndir. Səth üzərində uçan hər bir zond bu dalğaları tutmuşdur.
Saturnun peyki Titandan da “səs gəlir”. “Ölü” ulduzun da səsi vardır. Yaxud elmi şəkildə deyilərsə, monoton, ciddi dövriliklə döyünən səs.
Kosmosu eşitmək üçün alimlər siqnalları eşidilən diapazona keçirirlər. Milyardlarla il bundan əvvəl, hələ hər şey başlanarkən, Kainatımız sanki uğuldayırdı. İnsan o zaman yaşamış olsaydı, Kainatı öz qulağı ilə eşidərdi.
Lakin bütün bu səslər küydən və şaqqıltıdan ibarətdir. Bir sıra alimlər belə güman edirlər ki, kosmosda səs rəngarəngliyinə görə planetimizin tayı-bərabəri yoxdur.