DÜNYA
Alimlər Parkinson xəstəliyinin müalicəsi üsulunu tapmışlar
Bakı, 21 aprel (AZƏRTAC). Oksford Universitetinin alimləri Parkinson xəstəliyinin müalicəsi üsulunu tapmışlar. Maraqlıdır ki, bunun üçün onlar virusdan istifadə etmişlər.
Məlumdur ki, beyin hüceyrələri sinirlərin işinə nəzarət edən dopamin adlı maddəni hasil etməyəndə Parkinson xəstəliyi inkişaf edir.
Tədqiqatçılar müalicə üçün dopamin əmələ gətirməyə cavabdeh olan geni daşıyan virusdan istifadə etmək təklifini irəli sürmüşlər.
Beynin hərəkətə nəzarət edən hissəsinə yeridilən virus beyin hüceyrələrini dopamin əmələ gətirməyə məcbur edir, nəticədə qol və baş hərəkətlərinin idarə olunmaması aradan qalxır.
Alimlər bu ilin martında həmin metoddan istifadə edərək, bir neçə adamda Parkinson xəstəliyinin inkişafını dayandırmışlar. Bu, hələlik 15 könüllü xəstənin iştirakı keçirilən kliniki sınaqlardır. Alimlər ProSavin adlandırdıqları yeni müalicə metoduna böyük ümidlər bəsləyirlər.