DÜNYA
Alimlər və arxeoloqlar Misir ehramlarının əcnəbi turizm şirkətlərinə icarəyə verilməsi əleyhinədirlər
Qahirə, 4 mart (AZƏRTAC). Misir KİV-də ölkənin görməli yerlərinin – ehramların və məbədlərin əcnəbi turizm şirkətlərinə icarəyə verilməsi barədə Misirin hakimiyyət orqanlarının irəli sürdüyü fikirlə bağlı geniş diskussiya açılmışdır.
Söhbət Qədim Misirin Sfinks, Cizzə ehramları, Karnak və Luksor memarlıq kompleksləri, firon II Ramzesin Əbu-Simbeldəki məbədi kimi abidələrini üç ildən beş ilədək əcnəbi turizm şirkətlərinə icarəyə verilməsi imkanlarından gedir. Misirin Maliyyə Nazirliyi hesab edir ki, hazırda iqtisadiyyatın çox ağır vəziyyətdə olduğu üçün ölkə bu yolla öz büdcəsinə təxminən 200 milyard dollar cəlb edib maliyyə böhranından çıxa bilər. Misirin Qədim Abidələrin İşləri üzrə Ali Şurası qədim tarixi və memarlıq abidələrinin əcnəbi turizm şirkətlərinə icarəyə verilməsi təşəbbüsünü qətiyyətlə rədd etmişdir. Qədim abidələr işləri naziri Məhəmməd İbrahim KİV-lərə müsahibəsində demişdir ki, Misir torpağındakı bütün tarixi və memarlıq abidələri onun mülkiyyətinin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, xarici ölkələrin nümayəndələrinin mənfəət götürməsi üçün bu abidələrdən istifadə etmək yolverilməzdir.
Tarixçi alimlər də bu ideyanın qəti əleyhinədirlər. Müxtəlif ölkələrin arxeoloqları dünyanın yeddi möcüzəsindən birinin müvəqqəti istifadəyə verilməsi ideyasının irəli sürülməsindən şoka düşmüşlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə