ELM VƏ TƏHSİL
Alimlər Xəzərin ekoloji problemlərini müzakirə ediblər
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Avropa Komisiyasının “Horizon-2020” proqramının “PRIDE” layihəsi çərçivəsində elmi seminar keçirilib. Pont-Xəzərin biomüxtəlifliyi: çiçəklənmə və böhran” mövzusunda təşkil olunmuş tədbirdə 15 ölkənin gənc alim və mütəxəssisləri iştirak ediblər.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, seminarda institut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbirin əhəmiyyətindən, mövzu üzrə Azərbaycanda aparılmış tədqiqatların perspektivlərindən danışıb.
Beynəlxalq proqramın baş kuratoru, Niderlandı təmsil edən Frank Vesselinq Xəzər dənizinin ekoloji böhranına dair tədqiqatların gedişatından söz açıb, bu səylərin cəmləşdirilməsini böyük zərurət kimi diqqətə çatdırıb. Bildirilib ki, seminarın təşkilinin məqsədi təcrübə mübadiləsi, elmi-potesnial imkanların birləşdirilməsi və tədqiqatların müştərək formada inkişaf etdirilməsidir.
Sonra yerli və əcnəbi alimlərin Xəzərin ekoloji problemlərinə dair elmi məruzələri dinlənilib, suallar cavablandırılıb.
Tədbirdən sonra alimlər üçün çöl ekspedisiyası təşkil olunub.