SİYASƏT
Alman-Azərbaycan mədəniyyət cəmiyyəti Maqdeburqda keçirilən tədbirdə iştirak etmişdir
Berlin, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 6-da Almaniyanın Maqdeburq şəhərində Xaricilər İttifaqının binasında müxtəlif ölkələrin iştirakı ilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Zaxhsen-Anhalt vilayətində fəaliyyət göstərən Alman-Azərbaycan mədəniyyət cəmiyyəti təmsil etmişdir.
Tədbirin birinci hissəsində Almaniyada fəaliyyət göstərən milli cəmiyyətlərin fəaliyyəti, üzləşdikləri problemlər haqqında çıxışlar olmuşdur. Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin vitse-prezidenti Aleksandr Mixayıluk iştirakçılara Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ haqqında ətraflı məlumat vermişdir.
Tədbirin ikinci hissəsində müxtəlif ölkələrin milli mətbəxlərindən nümunələr nümayiş olunmuşdur. Azərbaycan dolması həmişəki kimi öz ləzzəti ilə iştirakçıları heyran etmişdir. Sonra musiqi proqramı olmuşdur. Azərbaycanın xalq mahnısı “Sarı Gəlin” tədbir iştirakçıları tərəfindən yüksək səviyyədə qarşılanmışdır. Cəmiyyət tərəfindən Azərbaycan səfirliyindən gətirilmiş Dağlıq Qarabağ və Xocalı faciəsinə aid kitablar iştirakçılara paylanmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin