DÜNYA
Almaniya Avropa İttifaqı ölkələrindən “yoxsulluğun miqrasiyasını” məhdudlaşdıracaqdır
Bakı, 27 mart (AZƏRTAC). Berlin Avropa İttifaqı (Aİ) ölkələrindən iş axtarışında Almaniyaya gəlmiş, lakin tapa bilməmiş və sosial müavinət hesabına yaşayan immiqrantlara qarşı tədbirlər görməyə hazırlaşır.
Hökumət komissiyasının məruzəsində əcnəbilərin sosial müavinətdən istifadə imkanlarını, yaşamaq hüququ verən sənədin qüvvədə qalmaq müddətini məhdudlaşdırmaq tövsiyə olunur.
AFR-in daxili işlər naziri Tomas de Mezyer demişdir: “Bolqarıstan və Rumıniyadan miqrantların sayının artması ilə qismən bağlı olan sosial problemləri həll etmək olar. Bəzi regionlarda rəqəmlər narahatlıq doğursa da, yaranmış vəziyyətin öhdəsindən milli səviyyədə gəlmək mümkündür. Vəziyyət pisləşməmiş, biz bu problemi həll etməliyik”.
AFR-in hakimiyyət orqanlarının prioritet vəzifəsi sui-istifadə hallarının qarşısını almaqdır. Berlin Aİ sərhədlərində sərbəst yerdəyişmə nəticəsində ölkə ərazisində Rumıniya və Bolqarıstan vətəndaşlarının sayının artmasından ehtiyat edir.
Həmin insanların Almaniyada iş axtarmaq müddətini 3-6 ayadək məhdudlaşdırmaq təklif olunan tədbirlər arasındadır.
Məruzənin son redaksiyası üzərində iş iyunda başa çatacaqdır.
Bu barədə məlumatı “euronews” telekanalı yaymışdır.