İQTİSADİYYAT
Almaniya mətbuatı Azərbaycan tərəfindən “FLIRT” tipli qatarların alınmasından yazır
Berlin, 18 dekabr, AZƏRTAC
Almaniyanın “Zughalt” dəmir yolu jurnalının saytında dərc edilən məqalədə “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, “FLIRT” tipli qatarların alınmasının nəzərdə tutulduğu bildirilir (http://www.zughalt.de/2019/12/stadler-erster-flirt-fuer-aserbaidschan/).
AZƏRTAC xəbər verir ki, məqalədə müqavilənin dəyərinin 115 milyon avro olduğu vurğulanır. Qatarlardan 4-nün dizel və 3-nün elektrik mühərrikli olmaqla regionlararası, 3-nün isə regional hazırlanacağı qeyd olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin bundan öncə də “Stadler” şirkəti ilə əməkdaşlıq etdiyi, ondan müxtəlif avadanlıqlar, o cümlədən Azərbaycanla Türkiyə arasındakı marşrut xətti üçün ikimərtəbəli “KISS” tipli qatarlar aldığı diqqətə çatdırılır. Məqalədə Azərbaycanda hazırda böyük infrastruktur layihələrinin həyata keçirildiyi və dəmir yolu xətlərinin üzərindəki 3 kilovoltluq sabit cərəyanlı elektrik naqillərinin 25 kilovoltluq dəyişən cərəyanlı elektrik naqilləri ilə əvəz edildiyi, məhz bu səbəbdən, ilk növbədə, dizel mühərrikli qatarların hazırlanaraq təhvil veriləcəyi bildirilir.