SİYASƏT
ALMANİYADA DÜNYA AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI KOORDİNASİYA ŞURASININ İCLASI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, martın 27-də Almaniyanın paytaxtı Berlin şəhərində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclası keçiriləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbir Dünya Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin 2007-ci il martın 9-da Bakıda keçirilmiş I Forumunda qəbul olunmuş Bakı Bəyannaməsinə uyğun təşkil ediləcəkdir.
İclasda Koordinasiya Şurasının həmsədrləri seçiləcək, Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf perspektivləri, qarşıda duran vəzifələr, xalqlarımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələr aparılacaqdır.
Azərbaycan və türk diaspor təşkilatlarının qarşılıqlı əlaqələri, birgə fəaliyyəti və onun perspektivləri barədə məruzələr dinləniləcəkdir. İclasın sonunda yekun sənədlər qəbul ediləcəkdir.
İclasda 1918-ci martın 31-də Azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90 illiyi ilə əlaqədar bəyanatın qəbul olunması da gözlənilir.
Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası Dünya Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin I Forumunda yaradılmış və qurumun iclasının ildə bir dəfə keçirilməsi qərara alınmışdır. Azərbaycan və türk icmalarının fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılan Koordinasiya Şurasının 101 üzvü vardır.