İDMAN
Almaniyada Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş peşəkar boks çempionatı keçirilmişdir
Berlin, 14 may (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ənənəyə uyğun olaraq hər il Almaniyada da müxtəlif tədbirlərlə qeyd olunur.
Ulu Öndərin 90 illik yubileyi ilə əlaqədar Almaniyanın Karlsruhe və Weißwasser şəhərlərində, Azərbaycanın Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, “Odlar Yurdu” təşkilatının, Sachsen-Anhalt federal əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin, Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin, Almaniyada yaşayan Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin və Avropa Azərbaycanlıları Konqresinin dəstəyi və təşkilatçılığı ilə peşəkar boks çempionatı keçirilmişdir.
Karlsruhe şəhərinin idman zalında Almaniya, Türkiyə, Avstriya, Macarıstan, Hollandiya və digər ölkələrin dəri əlcək ustaları yarışmışlar. İki minə yaxın tamaşaçının izlədiyi çempionat Baden TV Televiziya Yayımları Şirkəti vasitəsilə canlı şəkildə yayımlanmış və bütün gün ərzində dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş fotoşəkil və slaydlar idman zalında qurulmuş böyük ekranda əks etdirilmişdir.
Bu yarışa baxmaq istəyən həvəskarlar http://www.baden-tv.com/artikel/Boxen_LIVE_11_Mai_2013 internet səhifəsinə müraciət edə bilərlər.
Çempionatın son döyüşündə ağır çəkidə “Alman palıdı” ləqəbli Timo Hofmann və “Ağ pələng” ləqəbli Aleksandr Petkoviç Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Dünya kəməri uğrunda mübarizə aparmışlar.
Döyüşdən əvvəl Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev rinqə çıxaraq Heydər Əliyev adına Dünya Boks Komitəsi haqqında məlumat vermiş, təsisçisi və yaradıcısı Yaşar Niftəliyevin (Millinits) olduğu WBCA boks federasiyasının məqsəd və vəzifələri ilə zaldakı və canlı olaraq televiziya qarşısındakı yarışı izləyən çoxsaylı tamaşaçıları tanış etmiş, Azərbaycanda gənclərlə işin ayrılmaz tərkib hissəsi kimi idmanın inkişaf etdirilməsinin Ümummilli Liderin daim diqqət mərkəzində olduğunu vurğulamış, Ulu Öndərin bu sahədə əsaslı dönüş yaradaraq əldə etdiyi və Azərbaycana qazandırdığı zəfərləri sadalamışdır. WBCA Dünya Boks Federasiyasının ali məqsədi kimi yaxın gələcəkdə Heydər Əliyevin adını daşıyan Dünya kəmərinin dünyanın ən məşhur kəmərləri sırasına gətirilməsi olduğunu bildirmişdir.
Vaxtilə Vitali Kliçko kimi məşhur boksçuya cüzi xal hesabı ilə məğlub olan Timo Hoffmann serbiyalı Aleksandr Petkoviç ilə mübarizənin favoriti sayılırdı. Çempionatın ən maraqlı və gərgin keçən bu döyüşü 12 raund davam etmiş və “ağ pələng”in xal hesablı qələbəsi ilə başa çatmışdır.
WBCA boks komitəsinin nümayəndəsi Etibar Qəniyev təntənəli şəkildə ümummilli lider Heydər Əliyevin adını daşıyan Dünya kəmərini qalibin belinə bağlamış, ona gələcək döyüşlərində yeni-yeni uğurlar arzulamışdır.
Sonda xatirə şəkilləri çəkdirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ikinci turnir mayın 11-də WBCA Boks Federasiyasının təsisçisi Yaşar Niftəliyevin iştirak etdiyi Weiswasser şəhərində təşkil olunmuşdur. Turnirdə azərbaycanlı əlcək ustaları Azad Əzizov Samir Boukraro, Bəxtiyar İsgəndərzadə isə alman boksçusu Matthias Pelke ilə qarşılaşmışlar.
Gözəl texnika və döyüş əzmkarlığı nümayiş etdirən Azad Əzizov rəqibini 3-cü raundda nokauta salmış və dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Dünya kəmərinə sahib olmuşdur.
Əlindən ciddi zədə alan Bəxtiyar İsgəndərzadə isə 8-ci raundda mübarizəni dayandırmışdır.
Boks çempionatı böyük marağa səbəb olmuş və çoxsaylı azarkeşləri idman zalına cəlb etmişdir.
Gələcəkdə ümummilli lider Heydər Əliyevin adını daşıyan Dünya kəməri uğrunda boks çempionatların təşkil edilməsi, respublikamızda idman sahəsində misilsiz beynəlxalq nailiyyətlərin qazanılmasında əvəzsiz rolu olan Ulu Öndərin və onun davamçısı Prezident İlham Əliyevin bu sahədə genişmiqyaslı fəaliyyətinin məntiqi nəticəsi olaraq Azərbaycan idmanının yüksək səviyyədə təbliği nəzərdə tutulmuşdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin