SİYASƏT
Almaniyada məhkəmə qalmaqalı qızışır
Berlin, 2 aprel (AZƏRTAC). Aprelin 17-də Münxendə Beata Sşepenin işi üzrə məhkəmə prosesi başlayacaqdır. B.Sşepe “Milli sosialist gizli təşkilatı” özəyinin üzvləri tərəfindən törədilmiş qətllərdə iştirak etməkdə ittiham olunur. Sözügedən ittiham “terrorizm” kateqoriyasına uyğun gəlir. Qeyd edək ki, NSU qrupundan olan neonasistlərin 10 qurbanından 8-i türk mənşəlidir.
Lakin indinin özündə, yəni, məhkəmə prosesinə bir neçə həftə qalmış aydın olur ki, Almaniya ədalət məhkəməsinin nüfuzu əməlli-başlı ləkələnmişdir. Məsələ bundadır ki, Türkiyə KİV-ləri məhkəmə salonunda jurnalistlər üçün ayrılmış 50 yerdən birini də almamışdır! Postsovet məkanının bir çox gənc dövlətlərinə, o cümlədən Azərbaycana həmişə “demokratiya dərsi verməyə” çalışan bir ölkədə bu necə baş verə bilərdi? Axı, alman neonasistləri qurbanlarının əksəriyyəti türk mənşəlidir. Necə olur ki, məhkəmə salonunda Türkiyə KİV-ləri üçün yer tapılmamışdır?
Almaniyada hətta öz ölkəsini tənqid etməyə bir o qədər meyilli olmayan KİV-lər də şoka düşmüşlər. Məsələn, “Alman dalğası” agentliyi xəbər verir ki, türk jurnalistləri müxbirlərinə məhkəmə salonunda yer ayrılmış KİV-lərin siyahısını görəndə gözlərinə inanmamışlar, çünki siyahıda bir nəfər də olsun türk adına təsadüf edilməmişdir, halbuki istər Türkiyədə, istərsə də Almaniyada yaşayan türk əsilli almanlar arasında bu prosesə maraq məlum səbəblərdən son dərəcə böyükdür.
Almaniya hakimiyyət orqanlarının bununla informasiyanı məhdudlaşdırmağa və müəyyən mənada istədikləri şəklə salmağa çalışdıqlarını təxmin edən bir çox müşahidəçilər ətraflı informasiya almaq hüququnun pozulması barədə narahatlıq keçirdiklərini bildirirlər. İstənilən halda məhkəmə salonunda KİV nümayəndələrinə yer ayrılması ilə bağlı qızışmaqda olan qalmaqal ölkənin postsovet dövlətləri üçün “demokratiya müəllimi” imicini artıq sarsıtmışdır.
Türkiyə Azərbaycan üçün qardaş ölkədir və Azərbaycan xalqı prosesin necə keçəcəyinə biganə qala bilməz. AFR-dəki, eləcə də bir çox ölkələrdəki Azərbaycan diasporunda, habelə Azərbaycanın özündə çoxları türklərin qətlini öz həmvətənlərinin qətli kimi qəbul edir. Odur ki, Azərbaycan ictimaiyyəti tərəfindən bu prosesə maraq təsadüfi deyildir. AZƏRTAC hadisələrin inkişafını izləyəcək və prosesin detalları barədə geniş ictimaiyyəti məlumatlandıracaqdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin