ALMANİYADA “QUŞ QRİPİ” AŞKAR EDİLMİŞDİR
Berlindəki Robert Kox Virusologiya İnstitutu Baltik dənizi sahilində tələf olmuş vəhşi qu quşlarından dördünü laboratoriya analizindən keçirmiş və quşların yüksək patogen infeksiya törədicisi, insan həyatı üçün də təhlükəli H5N1 virusuna yoluxma nəticəsində tələf olduqlarını təsdiq etmişdir.
Federal Səhiyyə Nazirliyi quş qripinin Almaniya ərazisinə yayılmasının təsdiqi barədə xəbərdarlığında bildirir ki, ölkənin Şimal və Baltik dənizləri sahil bölgələrinə yayılmaqda olan H5N1 virusu tez bir zamanda Almaniyanın digər regionlarını və bütövlükdə ölkə ərazisini bürüməklə quşçuluq sənayesində ağır nəticələrə səbəb ola bilər. Nazirlik, həmçinin insanların, xüsusilə quşçuluq təsərrüfatında çalışan adamların bu təhlükəli virusla yoluxmasının qaçılmazlığı ehtimalını da istisna etmir.
Hökumət “quş qripi”nin Almaniya ərazisinə yayılması faktı təsdiq olunandan sonra təhlükəli xəstəliyə qarşı dərhal profilaktik mübarizə tədbirlərinin keçirilməsi haqqında fövqəladə qərar qəbul etmişdir. İlk növbədə fevralın 17-dən başlayaraq bütün Almaniya ərazisində quşçuluq təsərrüfatlarının karantin şəraitində qapalı iş rejiminə keçməsi qərara alınmışdır. Xəstəliyin aşkar olunduğu Şimal federal əyalətlərində fevralın 15-dən başlayaraq fövqəladə vəziyyət elan olunmuş, xəstə quşların kütləvi surətdə məhv edilməsi və insanların H5N1 virusuna yoluxmasına yol verilməməsi üçün profilaktik tədbirlərin həyata keçirilməsinə başlanmışdır.