SİYASƏT
Almaniyada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Azərbaycan mənim həyatımdır” sənədli filmi nümayiş olunacaqdır
Bakı, 17 may (AZƏRTAC). Almaniyada yayımlanan “Kanal Avropa” televiziyasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Azərbaycan mənim həyatımdır” sənədli filmi nümayiş olunacaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, film mayın 18-də yerli vaxtla saat 18:00-da, mayın 19-da isə saat 20:00-da yayımlanacaqdır.
Bütün ömrünü dövlət quruculuğuna həsr etmiş görkəmli siyasi xadim Heydər Əliyevin həyatından bəhs olunan sənədli film komitənin sifarişinə əsasən Ulu Öndərin 90 illik yubileyi ilə əlaqədar hazırlanmışdır. Otuz dəqiqəlik filmdə ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən, bütün sahələrdə olduğu kimi lobbiçilik, Azərbaycan diasporunun formalaşması və təkmilləşməsi istiqamətində apardığı uğurlu siyasətin nəticələrindən bəhs edilir.
Film rus və ingilis dillərinə tərcümə edilərək xaricdəki Azərbaycan diaspor təşkilatlarına təqdim olunmuşdur. Ekran əsəri Azərbaycan diaspor təşkilatları tərəfindən Ulu Öndərin 90 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə nümayiş olunmuş, bəzi ölkələrdə isə yerli kanallarda təqdim edilmişdir.
Filmin nümayiş olunacağı “Kanal Avropa” televiziyası peyk vasitəsilə türk və alman dillərində yayımlanır. Almaniyanın Disburq şəhərində yerləşən və əsasən Avropada yaşayan türklərin həyatını, problemlərini işıqlandıran bu kanal Azərbaycana həsr olunmuş verilişlərə də geniş yer ayırır.