İQTİSADİYYAT
Almaniyanı təmsil edən investorlar qrupunun üzvləri ilə görüş keçirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Bakı Fond Birjasının (BFB) əməkdaşları ilə Almaniyanı təmsil edən investorlar qrupu üzvlərinin görüşü keçirilib.
BFB-nin Beynəlxalq Əlaqələr və Korporativ Kommunikasiyalar Qrupundan AZƏRTAC-a bildiriblər ki, görüşdə qurumun biznesin inkişafı qrupunun rəhbəri Abdulla İsayev Azərbaycanın qiymətli kağızlar bazarının ticarət arxitekturası, səhm və istiqraz, korporativ və dövlət qiymətli kağızları ilə aparılan əməliyyatlar barədə danışaraq, yerli bazarda xarici investorlar üçün yaradılan imkanlardan, eləcədə onların marağına səbəb olacaq kapital bazarı alətləri barədə ətraflı məlumat verib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, investorlar qrupu üzvlərinin sualları cavablandırılıb.
Qeyd edək ki, qadınlardan ibarət olan "DAGOBERTA" investorlar qrupu 2000-ci ildə Almaniyada yaradılıb. Qrupun yaradılmasında əsas məqsəd maliyyə sahəsində savadlılığının və biliyin artırılması, kapital bazarında investisiya imkanlarının təhlili və təşviqi, eləcədə maliyyə bazarlarında peşəkar bacarıqların yüksəldilməsinə dəstək göstərməkdən ibarətdir. Əsasən müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən qrupu 65 üzv təmsil edir.